ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ SƏRGİ AÇILMIŞDIR
Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Leyla Axundzadə, Rəssamlar İttifaqının bölmə müdiri Ənvər Qarayev ulu öndər Heydər Əliyevin mədəniyyətimizin və incəsənətimizin inkişafına xüsusi diqqət verdiyini bildirmiş, Heydər Əliyev ənənələrinin, mədəniyyət və incəsənətimizə böyük qayğının bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulamışlar. Bu sərginin artıq, ənənəvi olaraq, hər il keçiriləcəyini söyləyən natiqlər, builki tədbirdə təcrübəli tətbiqi sənət ustalarının əsərləri ilə yanaşı, gənc rəssamların əsərlərinin də təmsil olunduğunu diqqətə çatdırmış, onlara yaradıcılıq uğurları arzulamışlar.
Rəmzi qırmızı lent kəsildikdən sonra iştirakçılar 80-ə yaxın əsərin nümayiş etdirildiyi sərgi ilə tanış olmuşlar.
Fəridə Tağıyevanın “Şəlalə”, Pavel Kuzmenkonun “Qurama”, Səbinə Nəbiyevanın “Kitabələr”, Əsgər Əsgərovun “Qələbə”, Könül Mehdiyevanın “Qız qalası” və s. əsərlər tamaşaçıların diqqətini daha çox cəlb etmişdir.