SİYASƏT
Ümummilli Liderin idealları təkcə dövlətçilik deyil,xalqın varlıq və inkişaf fəlsəfəsidir - Politoloq
Bakı, 10 may, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ərəfəsində, Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçirilən bir zamanda Prezident İlham Əliyevin xalqa müraciəti Ümummilli Liderin xatirəsinə göstərilən yüksək ehtiramın təzahürüdür.
Bunu AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.
Politoloq vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin siyasi kursunun uğurla davam etdirilməsi Azərbaycanın böyük Qələbəsinə gətirib çıxardı. Dövlətimizin başçısı xalqa müraciətində özünün həyata keçirdiyi siyasətin məhz Heydər Əliyev siyasətinə əsaslandığını bir daha vurğuladı.
Məhz Prezident İlham Əliyevin müraciətində Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında göstərdiyi xidmətlər vurğulandı. Eyni zamanda, milli xəyanətkarlıq və hakimiyyət hərc-mərcliyi nəticəsində Qarabağın itirilməsində, bundan sonra Heydər Əliyevin uzun illər ərzində yorulmaz siyasi səyləri və dövlət quruculuğu modeli barədə mühüm məqamlardan danışıldı. Dövlətimizin başçısı Azərbaycanın gəncliyi ilə bağlı xoş fikirlərini də səsləndirdi. Ali Baş Komandan qayalara dırmaşaraq Şuşanı işğaldan azad edən, yüksək intellektə, geniş dünyagörüşünə, həm əqli, həm də fiziki olaraq böyük gücə malik Azərbaycan gənclərindən fəxrlə danışdı.
“Hesab edirəm ki, Azərbaycan Prezidentinin fəxarətini bu gün Şuşadan bildirməsi ölkədəki xalq-iqtidar birliyinin, həmçinin ölkə gəncliyinin mütləq əksəriyyətinin dövlətimizin başçısının ətrafında sıx birləşməsinin bariz göstəricilərindən biridir.
Prezident İlham Əliyev Avropa İttifaqının əksər üzv ölkələri ilə Azərbaycanın strateji müttəfiq olduğunu xatırladaraq qeyd etdi ki, ölkəmizin iqtisadi vəziyyəti kifayət qədər yaxşıdır”, - deyə politoloq əlavə edib.
Bildirilib ki, Ulu Öndər Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bütün Türk dünyasının Lideri kimi hər zaman xatirələrdə yaşayacaq siyasi xadimdir. Azərbaycan onun sayəsində müstəqilliyini möhkəmləndirdi, bu gün isə dövlətçiliyimiz məhz Ulu Öndərin siyasi irsinin yolu ilə inkişaf edir. Ümummilli Lider Heydər Əliyevin idealları təkcə dövlətçilik deyil, xalqın varlıq və inkişaf fəlsəfəsidir.