“Uşaqlar üçün ekoloji laboratoriya” Dövlət İdarəçilik Akademiyasında
Bakı, 16 fevral, AZƏRTAC
IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə layihəsi olan “Uşaqlar üçün ekoloji laboratoriya” çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində 5-10 yaşlı uşaqlar üçün növbəti təlim keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, təlim zamanı uşaqlar ev heyvanlarına qayğı göstərməyin sirlərinə yiyələnib, heyvanlar barədə maraqlı faktlar və məlumatlar əldə ediblər. Bununla yanaşı, “ekoloji laboratoriya”da uşaqlar ev heyvanlar ilə əyani şəkildə tanış olublar. Layihənin ənənəsinə uyğun olaraq, təlimlərin gedişində “kiçik ekoloqlar” üçün müxtəlif bilik yarışmaları və maraqlı oyunlar təşkil olunub. Uşaqlar, həmçinin heyvanları təsvir edən rəsmlər çəkib və kağız fiqurlar hazırlayıblar.
Təlim uşaqlara əyləncəli gün bəxş etməklə yanaşı, onların təbiəti daha yaxşı qavramalarına töhfə verib.