“Uşaqlar üçün laboratoriya”nın növbəti təlimi təbiət hadisələrinə həsr olunacaq
Bakı, 6 mart, AZƏRTAC
Martın 14-də IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçiriləcək.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, Novruz bayramı ərəfəsində IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq treninq təbiətin oyanması, bitkilərin çiçək açması, heyvanlar aləmində müşahidə olunan canlanma və yaz fəslinin ilk ayına münasib olan digər təbiət hadisələrinə həsr olunacaq. Gənc təbiətsevərlərə bitkilərdə fotosintez prosesi, güllərin daxili və xarici quruluşu haqqında ümumi məlumat veriləcək, onlara müxtəlif gül və çiçəklərlə əyani tanış olmaq imkanı yaradılacaq.
Təlim zamanı, həmçinin uşaqlar Novruz bayramının simvolu olan səməninin əkilməsi, təbii şəkildə güllərdən ətirlərin hazırlanması prosesində və müxtəlif maraqlı oyunlarda iştirak edəcəklər.
Ekoloji laboratoriya uşaqlarda təbiətin dirçəlməsi haqqında təsəvvür yaratmaqla yanaşı, həm də onların milli adət-ənənələrimizi erkən yaşlarından mənimsəmələrinə töhfə verəcək.
“Uşaqlar üçün ekoloji laboratoriya”da iştirak etmək istəyənlərdən IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaları xahiş olunur.