Vahid Bakıxanov: Tofiq müəllim özündən sonra çox böyük bir iz qoyub getdi VİDEO
Bakı, 25 avqust, AZƏRTAC
Tofiq müəllim olduqca işgüzar, zəhmətkeş insan idi. Son nəfəsinə qədər Azərbaycan mədəniyyətinin, Azərbaycan musiqisinin ən fəal təbliğatçılardan biri oldu.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xalq artisti Tofiq Bakıxanovla vida mərasimində oğlu Vahid Bakıxanov deyib.
O, atası haqqında danışarkən bildirib ki, Tofiq Bakıxanov öz müəllimlərinin - Üzeyir Hacıbəylinin, Qara Qarayevin adını yaşadırdı: “Tofiq Bakıxanov musiqimizin əsl fanatı idi. Bildiyimiz kimi, Tofiq müəllim də görkəmli Bakıxanovlar nəslinin bir davamçısı idi. Düşünürəm ki, çox gözəl və xoşbəxt bir həyat yaşadı. Həyat müvəqqəti bir prosesdir, amma əsas məsələ özümüzdən sonra qoyduğumuz izdir. Tofiq müəllim isə çox böyük bir iz qoyub getdi. Son vaxtlar çalışırdı ki, müəyyən əsərlər, əlyazmalar mütləq şəkildə bizim kitabxanalarımızın fondunda olsun. Onun unikal partituraları, əlyazmaları, kitabları var. Təbii ki, Tofiq müəllim də anlayırdı ki, həyat sonsuz deyil. Çalışırdı əlindən gələni eləsin ki, həmin ədəbiyyatı, materialları ictimaiyyətə kitabxanalar və digər qurumlar vasitəsilə çatdırsın”.
“Yeri gəlmişkən, keçən il Tofiq müəllimin 95 illiyi oldu və Prezident İlham Əliyev onu 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif etdi. Bildiyimə görə, atam ölkədə həmin mükafata layiq görülən dördüncü şəxsdir. Tofiq müəllim buna görə çox sevinmişdi", - deyə Vahid Bakıxanov əlavə edib.