İDMAN
Vaqif Sadıqov: İşçi Qrupunun iclaslarına digər mütəxəssisləri də cəlb edəcəyik
Bakı, 15 dekabr, AZƏRTAC
“İndidən yığmanın yeni baş məşqçisi barədə danışmaq tezdir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin baş məşqçi postuna namizədlərin müəyyən edilməsi üçün yaradılan İşçi Qrupunun üzvü Vaqif Sadıqov deyib.
AFFA-nın vitse-prezidenti İşçi Qrupunun növbəti iclasına digər futbol mütəxəssislərini də cəlb edəcəklərini bildirib: “Bugünkü onlayn iclası tanışlıq görüşü adlandırmaq olar. Toplantıda qarşıda duran məqsəd və vəzifələr açıqlandı. Növbəti iclaslarda futbolla bağlı olan digər mütəxəssislərlə görüşüb fikirlərini öyrənəcəyik”.
V. Sadıqov milli komandaya yerli baş məşqçinin rəhbərlik etməsinin daha məqsədəuyğun olduğunu söyləyib: “İclasda çoxları bu məsələ ilə bağlı neytral mövqe tutdu. Öz adımdan deyə bilərəm ki, yığmanı yerli mütəxəssisin çalışdırmasının tərəfdarıyam”.
Qeyd edək ki, AFFA prezidenti Rövnəq Abdullayevin müvafiq əmri ilə yaradılan İşçi Qrupunun sədri milli assosiasiyanın vitse-prezidenti Elşad Nəsirov olub. Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvü Zaur Axundov, baş katib Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, Gənclər və İdman Nazirliyinin Olimpiya və paralimpiya idman növləri sektorunun müdiri Fikrət Hüseynov isə üzv təyin ediliblər.