Vaşinqtonda Azərbaycanın regional inkişafda aparıcı rolu vurğulanıb


Vaşinqton, 5 noyabr, AZƏRTAC
ABŞ-ın aparıcı tədqiqat qurumları olan Mərkəzi Asiya və Qafqaz İnstitutu və Ramsfeld Fondunun birgə CAMCA təqaüd proqramının növbəti payız kursunun iştirakçılarının şərəfinə Azərbaycanın Vaşinqtondakı səfirliyində qəbul təşkil edilib.
Mərkəzi Asiyanı, Cənubi Qafqazı, Əfqanıstanı və Monqolustanı əhatə edən CAMCA proqramı regiondan peşəkarları bir araya gətirməklə ideya mübadiləsi, ABŞ-la region arasında daha yaxşı anlaşma və daha güclü bağlar qurmaq məqsədi daşıyır. Qəbulu açılışı nitqi ilə ölkəmizin ABŞ-dakı səfiri Xəzər İbrahim açıb. Səfir Mərkəzi Asiya və Qafqaz İnstitutu və Ramsfeld Fonduna belə bir kursu təşkil etdikləri, region ölkələrinin insan resurslarının inkişafına töhfə verdikləri və regionumuzla bağlı həqiqətləri ABŞ ictimaiyyətinə çatdırdıqları üçün təşəkkür edib.
Qəbulda institutun aparıcı və qocaman tədqiqatçısı, Qafqaz və Mərkəzi Asiya üzrə bir sıra elmi əsərlərin müəllifi Frederik Starr, Ramsfeld Fondunun prezidenti Torie Klark, Fondun direktoru David Sumbadze və kursun azərbaycanlı iştirakçısı Pərviz Bağırov çıxış ediblər.
Qeyd edək ki, sözügedən kursda Azərbaycandan, Əfqanıstandan, Gürcüstandan, Qazaxıstandan, Qırğızıstandan, Monqolustandan, Tacikistandan və Türkmənistandan olan iş adamları, ictimai təşkilat liderləri və akademik dairələrin nümayəndələri iştirak edirlər. Qəbulda həmçinin Özbəkistanın Vaşinqtondakı səfiri Javlon Vahabov və diplomatik korpusunun nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, 2018-ci ilin mayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümündə Azərbaycan-ABŞ tərəfdaşlığının inkişafına xüsusi töhfə verdiyinə görə ABŞ-ın tanınmış dövlət xadimi, keçmiş müdafiə naziri D.Ramsfeldə Heydər Əliyev fəxri mükafatı təqdim edilib.