Vaşinqtonda Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirilmişdir
Vaşinqton, 23 fevral (AZƏRTAC). Fevralın 22-də Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar etiraz aksiyası keçirilmişdir. Aksiya iştirakçıları - Vaşinqtondakı Azərbaycan icmasının nümayəndələri Xocalı şəhərinin dinc əhalisinə qarşı erməni silahlı qüvvələri tərəfindən törədilmiş vəhşilikləri, habelə Azərbaycan ərazilərinin işğal edilməsini, əhalisinin etnik təmizlənməyə məruz qalmasını pisləyən şüar və plakatlarla çıxış etmişlər. Plakatlarda ”Erməni terrorunu pisləyin!”, “Xocalı qətliamı təkrar edilə bilməz!”, “Ermənistan etnik təmizləmə aparmaqda günahkardır”, ”Ermənistana ar olsun!”, “Ermənistan, Qarabağdan rədd ol!” şüarları yazılmışdır.
Azərbaycan icması etiraz aksiyasını hər il keçirir. Bu aksiyalara türk və digər icmaların nümayəndələri, habelə amerikalılar qoşulurlar. Etirazçılar hər bir aksiyadan sonra Ermənistan səfirliyinin qapısına etiraz notası qoyub gedirlər.
Yusif Babanlı
Vaşinqton