SİYASƏT
VERGİ ORQANLARINDA ATTESTASİYA PROSESİ DAVAM EDİR
Vergilər Nazirliyində attestasiya prosesi davam edir. Bu ilin fevralından başlanan attestasiyadan artıq Nazirliyin mərkəzi aparatı, Bakı şəhər Vergilər İdarəsi, Bakının Suraxanı, Xətai və Binəqədi rayonları vergi idarələrinin əməkdaşları keçiblər. Hazırda attestasiyanın ilkin nəticələri müzakirə olunur və bu barədə ictimaiyyətə məlumat veriləcəkdir.
Xatırladaq ki, vergilər nazirinin əmri ilə bu ildən başlayaraq, vergi orqanlarının vəzifəli şəxsləri də attestasiyadan keçməlidirlər. Bu məqsədlə nazirlikdə müvafiq komissiya yaradılıb. Dövlət vergi xidməti rəhbərliyini təmsil edən 11 nəfər təcrübəli mütəxxəssisdən ibarət komissiyanın işinə vergilər nazirinin müavini, iqtisad elmləri doktoru baş dövlət vergi xidməti müşaviri Natiq Qasımov rəhbərlik edir.
Qeyd edək ki, son dəfə vergi orqanlarında kadrların attestasiyası 1996-cı ildə aparılmışdır. Attestasiyadan keçən vergi əməkdaşlarının etirafına görə bu dəfəki tədbir mütəşəkkilliyi, intizamlığı və ciddiliyi ilə seçilir. Bu fikri attestasiyanın gedişi ilə yaxından maraqlanan müvafiq beynəlxalq təşkilatların ekspertləri də təsdiq etmişlər.
Attestasiyada məqsəd vergi orqanları əməkdaşlarının peşəkarlıq səviyyəsinin artıraraq, vergi xidmətində təsadüfi kadrların olmasına yol verməməkdir. Xatırladaq ki, təsdiq olunan qrafika əsasən vergi orqanlarının bütün struktur bölmələri üzrə 2443 nəfər vəzifəli şəxs attestasiyadan keçməlidir. Attestasiya prosesi 2002-ci ilin avqustunadək davam edəcəkdir.
Attestasiya “Dövlət qulluğu haqqında” qanuna, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, “Dövlət vergi xidməti haqqında” Əsasnaməyə və Nazirlər Kabinetinin” Azərbaycan Respublikasında işçilərin attestasiyadan keçirilməsi qaydalarının təsdiq edilməsi haqqında” qərarına uyğun olaraq aparılır.