VERGİLƏR NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Vergilər Nazirliyi ölkədə vergi intizamının möhkəmləndirilməsi, sahibkarlıq fəaliyyətinin qanuni əsaslarda həyata keçirilməsi, o cümlədən fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi tələb olunan bir sıra sahibkarlıq fəaliyyəti sahələrində nəzarətin təmin edilməsi istiqamətində ardıcıl tədbirləri davam etdirir.
Bu günlərdə nazirliyin Operativ Nəzarət İdarəsinin əməkdaşları tərəfindən aparılan baxış zamanı “Azərikimya” Dövlət Şikrətinin “Olefin” Elmi-Tədqiqat İnstitutunun ərazisində təxminən 40 ton neft məhsulu doldurulmuş xüsusi çəni olan “MAZ-64229” markalı 88-71 AQÇ dövlət nömrə nişanlı avtomaşın aşkar edilmişdir. İlkin baxış zamanı avtomaşında olan neft məhsulunun tərkibini müəyyən etmək mümkün olmamışdır. Aparılmış əlavə tədqiqatlardan və laboratoriya analizlərindən sonra bəlli olmuşdur ki, həmin məhsul institutun həyətində quraşdırılmış mini-sexdə istehsal edilən, birbaşa qovulmuş benzin fraksiyasıdır. Eyni zamanda, sexin çənlərində də böyük miqdarda emal olunmuş və ya olunmaq üçün hazırlanan neft məhsulları aşkar edilmişdir.
Məhsulun istehsalçısı olan “Remburservis” İTM-in direktoru Ş.Qəniyev təqdim etdiyi yazılı məlumatında həmin neft məhsulunun “Olefin” ETİ-dən icarəyə götürdüyü sexdə emal edildiyini etiraf etmiş, “Azəriqaz” SC-nin yeraltı qazsaxlanma idarəsindən 109 ton mal aldığını bildirmişdir.
Müəssisənin ərazisində aparılan bu fəaliyyət xüsusi razılıq tələb etsə də, müəssisə rəhbərliyi müvafiq lisenziyanı təqdim etməmişdir. Beləliklə, neft məhsullarının emalı kimi xarakterizə olunan fəaliyyətin dövlət başçısının “Bəzi sahibkarlıq fəaliyyəti növləri üzrə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Fərmanına zidd olduğunu, o cümlədən Nazirlər Kabinetinin “Qeyri-qanuni fəaliyyət göstərən, neft və neft məhsulları emal edən kiçik mini zavodlar haqqında” məlum protokol qərarını nəzərə alaraq, tədbirlər görülməsi üçün Vergilər Nazirliyi müvafiq orqanlara müraciət etmişdir.
Qeyd edək ki, “Olefin” ETİ-nin ərazisində qeyri-qanuni şəkildə fəaliyyət göstərərək neft məhsulları istehsal edən mini-sexlərin aşkar edilməsi ilk hal deyil və əvvəllər də Vergilər Nazirliyinin əməkdaşları burada 4 belə sexi aşkar etmiş və həmin sexlər müvafiq orqanların iştirakı ilə sökdürülmüşdür.
Fakt üzrə materiallar ilkin təhqiqatlardan sonra Respublika Prokurorluğuna göndərilmişdir.