VERGİLƏR NAZİRLİYİNDƏ MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
Nazirliyin Vergi Siyasəti və Strateji Tədqiqatlar Baş İdarəsinin rəisi Akif Musayev çıxışında bildirmişdir ki, bu il Vergi Məcəlləsinin 50 maddəsinə 74 dəyişiklik edilmişdir. Dəyişikliklərin bir hissəsi gələn il yanvarın 1-dən nəzərdə tutulan milli valyutanın denominasiyası ilə əlaqədar olunmuşdur. Bu dəyişikliklər Vergi Məcəlləsinin 4 maddəsinə toxunmuşdur. Əlavə dəyər vergisi ilə bağlı dəyişikliklər Vergi Məcəlləsinin 5 maddəsində əksini tapmışdır. Məlumdur ki, bəzi ölkələrdə, o cümlədən Azərbaycanda əlavə dəyər vergisinin ödənilməsindən yayınma problemi mövcuddur. Dəyişikliklər bu hallara görə sanksiyaları sərtləşdirmişdir.
Akif Musayev demişdir ki, Vergi Məcəlləsinin vergi ödəyicilərinin yükünün yüngülləşdirilməsi ilə bağlı 11 maddəsinə də dəyişikliklər edilmişdir. Məsələn, yanvarın 1-dən gəlirlərin vergi şkalası dəyişdirilir və mənfəətdən tutulan vergi faizi azaldılır.
Vergi Məcəlləsinə bir sıra dəyişiklik və əlavələr aksizlərlə bağlıdır ki, bu da vergi yükünün azalmasına kömək edəcəkdir.
Məcəllənin vergi borclarının məcburi ödənilməsi üzrə maddələrinə də iki dəyişiklik edilmişdir. Bu dəyişikliklər vergi ödəyicilərinin digər banklarda yeni hesabı yalnız bütün borcları ödədikdən sonra aça biləcəklərini nəzərdə tutur.
Sığorta və lizinq bazarlarının inkişafı ilə bağlı da əhəmiyyətli dəyişikliklər də edilmişdir.
Sonda Akif Musayev jurnalistlərin suallarına cavab vermişdir.