Vətən müharibəsi şəhidi Vidadi Xəlilovun ailəsi ziyarət edilib
Bakı, 21 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Vüqar Məmmədov Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Vidadi Xəlilovun ailəsini ziyarət edib.
Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, şəhidin ailəsi ilə söhbət zamanı V.Xəlilovun həyatından və Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan bəhs edilib. Şəhidimizin əziz xatirəsinin daim ehtiramla yad olunduğu vurğulanıb.
Vidadi Xəlilov Vətən müharibəsində Cəbrayıl, Qubadlı və Laçının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, Laçın rayonu istiqamətində aparılan hərbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə ucalıb.
Qeyd edək ki, şəhidimiz hərbi xidmət dövründə, eləcə də Vətən müharibəsində göstərdiyi şücaətə görə müxtəlif orden və medallarla təltif edilib. Təltifləri sırasında “Azərbaycan Bayrağı” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları, eləcə də “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalları, I, II və III dərəcəli “Qüsursuz xidmətə görə” medalları yer alır.
Şəhidin ailəsi zəruri sosial dəstək tədbirləri ilə əhatə olunub, onlara müvafiq sosial ödənişlər təyin edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhidin həyat yoldaşı Xocəsən qəsəbəsində yerləşən yeni yaşayış kompleksində üçotaqlı mənzillə təmin edilib.
Ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.