Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun xatirəsi anılıb VİDEO
Bakı, 27 oktyabr, AZƏRTAC
Vətən Müharibəsi Qəhrəmanı, Azərbaycan Ordusunun şəhid baş leytenantı Azad Hümbətovun şəhadətindən 6 il ötür.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Hərbi Memorial Məzarlıqda anım mərasimi keçirilib.
Mərasim zamanı şəhidin məzarı ziyarət olunub, üzərinə tər güllər düzülüb, əklil qoyulub. Baş leytenant Azad Hümbətovun əziz xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Tədbirdə çıxış edənlər tank tağımı komandiri, baş leytenant Azad Hümbətovun döyüş yolundan, Vətən uğrunda göstərdiyi şücaətdən və qəhrəmanlığından danışıblar. Bildirilib ki, o, Vətən müharibəsi zamanı Füzuli, Xocalı, Xocavənd, Qubadlı və Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Azad Hümbətov 2020-ci il oktyabrın 27-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Qeyd edilib ki, Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfər hərbçilərimizin misilsiz qəhrəmanlığı, əzmi və fədakarlığı sayəsində mümkün olub. Şəhidlərimizin canı-qanı bahasına əldə edilən bu Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub, xalqımızın uzun illər davam edən torpaq həsrətinə son qoyulub.
Vurğulanıb ki, Azad Hümbətov kimi qəhrəman oğullarımızın Vətən sevgisi, döyüş meydanında göstərdikləri igidlik və fədakarlıq Azərbaycan xalqının yaddaşında daim yaşayacaq. Onların qəhrəmanlıq yolu gələcək nəsillər üçün vətənpərvərlik nümunəsidir.
Şəhid baş leytenant Azad Hümbətov ölümündən sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. O, həmçinin “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Müxbir - Göyçək Mahmudlu