Vətəndaş elmi layihələrində verilənlərin tanınmasında süni intellektin tətbiqi məsələləri araşdırılır
Bakı, 16 oktyabr, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunda vətəndaş elmi layihələrində verilənlərin tanınmasında süni intellektin tətbiqi məsələləri araşdırılır.
Bu barədə AZƏRTAC-a institutun əməkdaşı Nərgiz Verdiyeva məlumat verilib. O bildirib ki, vətəndaş elmində süni intellektin istifadəsi alimlərə verilənlərin toplanması, emalı, saxlanması və ötürülməsi prosesində kömək edir.
Tədqiqatçı vətəndaş elmi layihələrində verilənlərin tanınması üçün süni intellekt texnologiyalarının tətbiqinin araşdırıldığını diqqətə çatdırıb: “Müasir dünyada sənaye 4.0 platforması daxilində müxtəlif intellektual məsələlərin həlli süni intellekt texnologiyalarından istifadə etməklə onların icra müddətinin azaldılması hesabına xeyli asanlaşıb”.
Onun sözlərinə görə, vətəndaş elmi layihələrinin xüsusiyyətləri onların ən çox ətraf mühitlə əlaqəli olmasını göstərir. Bu da müxtəlif ekoloji obyektlərin təsnifatını zəruri edir.
N.Verdiyeva bildirib ki, süni intellekt texnologiyaları əsasında vətəndaş elminin inkişafı istiqamətində həyata keçirilən tədbirlər araşdırılıb, verilənlərin təsnifatını yaxşılaşdırmaq üçün maşın təlimi, dərin təlim kimi süni intellekt texnologiyaları tədqiq edilib. Eyni zamanda, süni intellekt və vətəndaş elminin inteqrasiyası zamanı yaranan bəzi problemlər və onların qarşısının alınması üçün tədbirlər nəzərdən keçirilib.