Veteran futbolçu: Murad Musayevin istefası gözlənilən idi
Bakı, 1 fevral, AZƏRTAC
“Əslində bu istefa gözlənilən idi”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu Aslan Kərimov “Sabah” klubunun baş məşqçi Murad Musayevlə yollarını ayırması barədə danışarkən deyib.
Təcrübəli mütəxəssis istefanın komandanın bu mövsüm uğursuz çıxışı ilə bağlı olduğunu bildirib: “Əslində “Sabah”ın “Qarabağ” və “Neftçi” ilə rəqabət aparacağını gözləyirdik. Çünki komanda ötən mövsümdəki çıxışı ilə bunu sübut etmişdi. Hazırda aşağı pillələrdə yer almaq isə planlara uyğun gəlmir”.
Onun sözlərinə görə, rusiyalı çalışdırıcı ilə hazırkı vəziyyətdə yolların ayrılması düzgün qərar deyil: “Mənim nə “Sabah” klubunu, nə də baş məşqçini tənqid etmək fikrim var. Amma mövsümün ortasında baş məşqçi ilə vidalaşmaq komandanın inkişafına mənfi təsir edən məqamdır. Ən ideal variant yayı gözləmək olardı. Çünki belə olan halda yeni gələn baş məşqçinin komandanı formalaşdırmaq üçün vaxt olur. Mövsümün ortasında transfer etmək və ya bəyənilməyən oyunçuları göndərmək mümkün deyil. Buna görə də Murad Musayevin qurduğu heyətlə yaya kimi davam edilməlidir. Lakin Musayev özü rəhbərliyə ayrılmaq istədiyini deyib. Bu zaman heç nə etmək olmur. Bu cür büdcəsi, futbolçuları olan komanda aşağı pillələrdə olmağa layiq deyil”.
A.Kərimov deyib ki, yeni baş məşqçi komandanın hədəflərinə uyğun mütəxəssis olmalıdır: “Yerli və əcnəbi mütəxəssis anlayışını kənara qoymalıyıq. Hazırda “Sabah” öz profilinə uyğun məşqçi seçməlidir. Çünki komandanın hədəfi hər mövsüm titul qazanmaq, avrokuboklarda iştirak etməkdir. Əlbəttə, həmin məşqçi Azərbaycan çempionatını da yaxşı tanımalıdır. Komandada fərqli ölkələrdən oyunçular olduğuna görə bütün mədəniyyətlərə hörmətlə yanaşılmalıdır. Həm də özünün planları, hədəfləri olmalıdır”.