VII Trans-Xəzər Forumunda Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyindəki rolundan danışılıb
Bakı, 25 may, AZƏRTAC
Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Xəzər İbrahim Xəzər Siyasət Mərkəzi tərəfindən təşkil olunmuş VII Trans-Xəzər Forumunda əsas qonaq qismində çıxış edib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, səfir çıxışı zamanı ABŞ ilə region ölkələri arasında mövcud genişformatlı əməkdaşlığa toxunaraq, bu əməkdaşlığın daha da artacağına ümidini ifadə edib. Eyni zamanda, Azərbaycanın region ölkələri üçün əsas nəqliyyat qovşağı kimi həyati önəminə vurğu olunub və indiyədək ABŞ müttəfiqlərinin, xüsusilə Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində əvəzsiz roluna və Azərbaycanın Avropa ölkələri üçün etibarlı tərəfdaş ölkə olduğuna diqqət çəkilib.
Sonda Azərbaycanla birgə tədbirdə çıxış etmiş region ölkələri təmsilçilərinin qrup fotosu çəkilib.