Viran qalmış yurd yeri – Cəbrayıl rayonunun Dağ Tumas kəndindən görüntülər FOTO VİDEO
Cəbrayıl, 29 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ermənilərin işğal altında saxladıqları dövrdə dağıdaraq yer üzündən sildikləri yaşayış məntəqələrimizdən biri də Cəbrayıl rayonunun Dağ Tumas kəndidir.
AZƏRTAC-ın bölgə müxbiri Dağ Tumas kəndinə gedərək erməni vandalizmini lentə alıb. Rayon mərkəzindən 39 kilometr qərbdə, Qarabağ silsiləsinin cənub-qərb ətəyində yerləşən kənd dağlarla əhatə olunan təbii qalaya bənzəyir. Qədim tarixi və abidələri ilə tanınan kəndin adı da “Tumas Ata” adı ilə əlaqəlidir. Tumas Ata piri qədim ziyarətgah olub və hündür ərazidə yerləşir. Başı Kəsik gümbəzin də əsrlərlə yaşı var. Kənd ərazisində yerləşən Divlər sarayı adı ilə tanınan mağaranın tarixinin isə daha qədimlərə gedib çıxdığı, hətta Azıx mağarası ilə yaşıd olduğu bildirilir.
Münbit torpağı və iqlimi ilə seçilən kəndin əhalisi işğaldan əvvəl heyvandarlıq, taxılçılıq və üzümçülüklə məşğul idi. Kəndə gedən yolun kənarları da vaxtilə üzüm bağları olub. Kənddə orta məktəb, kitabxana, xəstəxana, üçtağlı bulaq vardı. Lakin indi nə kənddən, nə də yaşıllıqlardan, zəmilərdən, bağlardan əsər-əlamət qalıb. Dağ Tumas kəndində hər şeyi dağıdan erməni vandalları burada ekoloji terror da törədib, yaşıllıqları məhv ediblər.
Qeyd edək ki, 1993-cü ildə işğal edilən Dağ Tumas kəndi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən 2020-ci il oktyabrın 23-də azad olunub.