İDMAN
Vitse-prezident: Beynəlxalq Çövkən Federasiyasına Türkiyə də dəstək göstərəcək
Bakı, 2 fevral, AZƏRTAC
"Mədəniyyətimizin və köklərimizin bir olduğu qardaş Azərbaycanın rəhbərliyi ilə çövkən idman növünün yenidən beynəlxalq arenada canlanması bizi çox sevindirir".
AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Çövkən Federasiyasının vitse-prezidenti seçilən Zübeyir Bekiroğlu qurumun Bakıda keçirilən Baş Assambleyasının yekun iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yeni təsis edilən federasiyaya Türkiyə də öz dəstəyini əsirgəməyəcək: "Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev və Beynəlxalq Çövkən Federasiyasının yeni rəhbəri Bəhruz Nəbiyevlə bu idman növünün inkişafına töhfə verməyə çalışacaq, qədim tarixə malik çövkəni beynəlxalq arenada zirvəyə daşıyacağıq".
Qeyd edək ki, ötən gün Baş Assambleyanın iclasında keçirilmiş seçkilərdə Bəhruz Nəbiyev Beynəlxalq Çövkən Federasiyasının prezidenti, Polşanın nümayəndəsi Matsey Miçel Olbriç isə baş katib olub.