VLADİMİR PUTİN RUSİYA DİPLOMATLARININ QİSASINI ALMAĞI ƏMR ETMİŞDİR
AZƏRTAC “Novosti” agentliyinə istinadla xəbər verir ki, dövlət başçısı bunu Səudiyyə Ərəbistanının şahzadəsi ilə görüşdə bildirmişdir. Putin demişdir ki, Rusiya qatillər barədə hər hansı məlumat verilməsinə görə minnətdar olacaqdır.
Xatırladaq ki, iyunun 3-də Bağdadda dörd rusiyalı - Fyodor Zaytsev, Rinat Aqliullin, Anatoli Smirnov və Oleq Fedoseyev oğurlanmışdır. İyunun 19-da “Əl-Qaidə”yə yaxın qruplaşmanın yaraqlıları bildirmişdilər ki, diplomatlar onlarda əsirlikdədir və Rusiya Çeçenistandan qoşunları çıxarmasa, onlar edam ediləcəklər. Yaraqlılar iki gün müddətinə ultimatum vermişdilər. İyunun 21-də xəbər yayıldı ki, Rusiya diplomatları öldürülmüşdür. Lakin bu informasiya təsdiq edilmədi. İyunun 25-də onlar üç kişinin öldürüldüyü videoyazını yaydılar. Ertəsi gün RF XİN diplomatların qətlə yetirildiyini təsdiqlədi.
Nazirliyin nümayəndələri bildirmişlər ki, BMT Təhlükəsizlik Şurasının xüsusi iclasının çağırılmasını və bu cinayəti pisləyən bəyanat qəbul olunmasını tələb edəcəklər.
İyunun 28-də RF Dövlət Dumasının deputatları İraq hökumətindən və “işğalçı dövlətlər”dən Rusiya diplomatlarının öldürülməsinin təhqiqini aparmağı tələb etmişlər.