VLADİMİR PUTİN RUSİYA KORRUPSİYASININ MƏĞLUBEDİLMƏZLİYİNİ ETİRAF ETMİŞDİR
Prezident vurğulamışdır ki, “korrupsiyanın öhdəsindən tamamilə gəlmək, çətin ki mümkün olsun. Korrupsiya dünyanın bütün ölkələrində var”. O, sözünə qüvvət olaraq İspaniya, Cənubi Koreya, ABŞ kimi ölkələri misal göstərərək demişdir ki, ABŞ-da Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarından biri “elə cinayət başındaca” yaxalanmışdır.
Rusiya rəhbəri bildirmişdir: “Lakin bu o demək deyil ki, korrupsiya ilə mübarizə aparılmamalıdır. Korrupsiyanın səviyyəsi müxtəlif ola bilər. Bu, bizdə yolverilməz dərəcədə yüksəkdir”.
Vladimir Putin gömrükdə, Federal Təhlükəsizlik Xidmətində, prokurorluq və Daxili İşlər Nazirliyində bir gün əvvəlki istefalara toxunaraq demişdir: “Bu, hüquq mühafizə orqanlarının, ilk növbədə, FTX-nin və gömrüyün özünün daxili təhlükəsizlik xidmətinin məqsədyönlü, uzunmüddətli işinin nəticəsidir”.
Xatırladaq ki, mayın 12-də FTX-nin, DİN-in, Baş Prokurorluğun və Federal Gömrük Xidmətinin bir sıra yüksək vəzifəli əməkdaşları istefaya göndərilmişdir. Bundan başqa, Federasiya Şurasının sədri Sergey Mironov Yamal-Nen və Nen muxtar mahallarından Primorye və Xakasiyadan seçilmiş dörd senatorun geri çağırılması barədə məsələ qaldırmışdır.