DÜNYA
Vladimir Putin: Rusiya Qazaxıstanın ən böyük ticarət və iqtisadi tərəfdaşlarından biridir
Astana, 28 noyabr, AZƏRTAC
Rusiya Qazaxıstanın ən böyük ticarət və iqtisadi tərəfdaşlarından biri olaraq qalır.
AZƏRTAC Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə məhdud tərkibdə görüşündə bildirib.
Rusiya Prezidentinin sözlərinə görə, ticarət dövriyyəsi artır, ötən il o, təxminən 28,5 milyard dollar təşkil edib.
“Qazaxıstan iqtisadiyyatına yığılmış investisiyalar 13 milyard dollara çatıb. Təbii ki, biz humanitar əlaqələrin vətəndaş cəmiyyəti, təhsil, elm və mədəniyyət xətti ilə inkişafını çox yüksək qiymətləndiririk. Təkcə onu demək kifayətdir ki, məhz Qazaxıstandan ən çox əcnəbi tələbə bizim ölkədə təhsil alır”, - deyə o, Akordada keçirilən görüşdə söyləyib.
Vladimir Putin ilin sonunda Kasım-Jomart Tokayevi MDB çərçivəsində Sankt-Peterburqda Yeni il qabağı qeyri-rəsmi görüşə dəvət edib.
“Əlbəttə ki, mən sizi İkinci Dünya Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı yubiley şənliklərində gözləyirəm. Bu, bizim ümumi Qələbəmizdir”, - deyə Rusiya Prezidenti qeyd edib.
AZƏRTAC-ın xüsusi müxbiri
Astana