İDMAN
Voleybol üzrə Azərbaycan çempionatı: “Murov” turnir cədvəlində liderliyini möhkəmləndirib
Bakı, 22 fevral, AZƏRTAC
Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının üçüncü dövrəsində iki oyun keçirilib.
AZƏRTAC Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, IX tur çərçivəsində “Murov” “Xarı bülbül”lə, “Neftçi” MOİK-lə qarşılaşıb.
Azərbaycan Voleybol Mərkəzində təşkil olunan turun ilk matçı “Murov” və “Xarı bülbül” komandaları arasında olub.
Qarşılaşma “Murov”un 25:16 hesablı üstünlüyü ilə başlayıb. Sonrakı setlərdə də 25:22 və 25:21 hesabı ilə qalib gələn Fərid Cəlalovun komandası matçı qələbə ilə yekunlaşdırıb - 3:0.
Bu turun son matçı “Neftçi” və MOİK komandaları arasında keçirilib. Görüş “Neftçi”nin 25:23 hesablı üstünlüyü ilə başlasa da, ikinci hissədə Eldar Əliyevin yetirmələri 25:18 hesabı ilə qalib gəliblər. Üçüncü və dördüncü setlərdə isə yenidən Pərviz Səmədovun komandası 25:13 və 25:23 hesabı ilə qələbə qazanıb - 3:1.
Beləliklə, IX turdan sonra “Murov” 23 xalla turnir cədvəlində liderliyini daha da möhkəmləndirib. 12 xala malik “Xarı bülbül” ikinci, 12 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.