Voleybol üzrə Azərbaycan Yüksək Liqasında növbəti oyun keçirilib
Bakı, 10 fevral, AZƏRTAC
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ikinci dövrənin növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, Voleybol Mərkəzində VI tur çərçivəsində təşkil olunan görüşdə MOİK və “Neftçi” ilə üz-üzə gəlib.
Matç “Neftçi”nin qələbəsi ilə başa çatıb. İlk hissəni 25:18 hesabı ilə aktivinə yazdıran Pərviz Səmədovun komandası sonrakı setlərdə də qalib gəlib - 25:23, 25:18.
Qeyd edək ki, bu gün turun və dövrənin son oyunu olan “Xarı bülbül” - "Murov” qarşılaşması təxirə salınıb. Buna səbəb hakimlər kollegiyasının üzvlərinin AVF-nin yarışların keçirilməsi üzrə Nizam-intizam komissiyasına ünvanladığı müraciət olub. Müraciətdə V turda keçirilən “Xarıbülbül”-“Neftçi” oyununda nizam-intizam qaydalarının pozulduğu bildirilib və bununla bağlı müvafiq qərar qəbul olunması xahiş olunub.
Həmin müraciətə fevralın 13-də baxılacaq və AVF tərəfindən müvafiq qərar qəbul olunacaq.
Turnir cədvəli: “Murov” 14 xalla turnir cədvəlində liderliyini davam etdirir. 9 xala malik “Xarıbülbül” ikinci, 9 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.
VI tur MOİK-“Neftçi” 0:3 (18:25, 23:25, 18:25), “Xarıbülbül”-“Murov”.