V.POQODİN: AZƏRBAYCAN SAMBOÇULARI CİDDİ RƏQİBDİRLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Rusiya Sambo Federasiyasının rəhbərliyi Azərbaycan yığmasının güclü və rəqabət qabiliyyətli komanda hesab edir. Bu fikir general Aslambek Aslaxanovun mükafatı uğrunda sambo üzrə oktyabrın 4-5-də keçiriləcək 6-cı beynəlxalq turnir - dünya kubokunun növbəti mərhələsi ərəfəsində Moskvada təşkil olunmuş mətbuat konfransında səslənmişdir. Turnirdə 30 ölkədən 300 dən çox idmançı iştirak edəcəkdir. Nepal, Hindistan, Sinqapur, İndoneziya, Malayziya, Suriya, Livan, Pakistan və digər dövlətlərin yığma komandaları ilk dəfə yarışların iştirakçısı olacaqlar.
Rusiya Sambo Federasiyasının birinci vitse-prezidenti, Rusiyanın əməkdar məşqçisi Vladimir Poqodin AZƏRTAC-ın müxbirinin “Azərbaycanda idmanın bu növünün inkişafını necə qiymətləndirirsiniz?” sualına cavabında demişdir ki, Azərbaycanda idmanın digər növlərinə olduğu kimi, samboya da xüsusi diqqət yetirilir. Azərbaycan sambosuna çox güclü və ciddi idmançı, SSRİ-nin əməkdar idman ustası və Rusiyanın böyük dostu Ceyhun Məmmədov başçılıq edir. Azərbaycanın sambo yığması çox güclüdür. Moskva turnirində ən güclü samboçularla yanaşı, Azərbaycanın 10-a yaxın idmançısı da iştirak edəcəkdir. Deyə bilərəm ki, xüsusilə yüngül çəki dərəcəsində onlar çox ciddi rəqiblərdir. Əminəm ki, Azərbaycan idmançıları fəxri kürsüyə qalxacaqlar”.
Son vaxtlar beynəlxalq səviyyəli bir çox yarışların keçirildiyi Azərbaycanda bu cür turnirin təşkil olunmasının mümkünlüyü barədə AZƏRTAC-ın sualına cavab verən Rusiya yığmasının baş məşqçisi Dmitri Troşin demişdir ki, əvvəllər Bakıda ənənəvi ümumittifaq turniri keçirilirdi. Yarışlara ölkənin hər yerindən güclü samboçular gəlirdilər. Bakıda bu qəbildən keçirilən irimiqyaslı yarışlardan 1997-ci ilin sambo üzrə Avropa çempionatı yadda qalmışdır. Ümidvarıq ki, dünya sambosunun elitası yenidən qonaqpərvər Azərbaycanda toplaşacaqdır.