SİYASƏT
Vüqar İskəndərov: Tarix boyu birlikdə olan Türkiyə və Azərbaycan gələcəyə də birgə addımlayır

Bakı, 17 oktyabr, AZƏRTAC
Tarix boyu birlikdə olan Türkiyə və Azərbaycan gələcəyə də birgə addımlayır. Bu birlik isə özündə inkişaf və sabitliyi ehtiva edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov söyləyib.
“Oktyabrın 20-də qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirakı, həmçinin orada dövlət başçılarının verdikləri mesajlar zamanı xatırladım ki, bu, işğaldan azad edilmiş Azərbaycan torpaqlarında son iki ildə salınmış ikinci hava limandır. Bir il öncə istifadə verilən Füzuli Beynəlxalq Hava Limanının açılışında da Prezident Rəcəb Tayyib Ərdoğan iştirak etmişdi. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bu, onu göstərir ki, biz bütün xoş günlərdə bərabərik”, - deyə V.İskəndərov bildirib.
Oktyabrın 20-nin Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli bir gün olduğunu diqqətə çatdıran deputat deyib: “Çünki bu tarix Zəngilan şəhərinin işğaldan azad olunmasının ikinci ildönümüdür. Düz iki il bundan əvvəl erməni işğalına son qoyuldu. Azərbaycan Ordusu Zəngilan şəhərini azad etdi və məhz belə bir gündə Türkiyə Prezidentinin Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır. Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, bütün bu şanlı tarix bizim müştərək tariximizdir. İkinci Qarabağ müharibəsinin ilk saatlarından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə etdi. Bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam etdi. Bu, bizə əlavə güc verirdi, bu, bəzi qüvvələrin məsələyə müdaxiləsinin qabağını alırdı”.
V.İskəndərov qeyd edib ki, bu gün biz bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyini görürük. Genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Səfər zamanı hər iki ölkənin dövlət başçısı həm dəmir yolunun inşası ilə tanış oldu, həm də “Dost Aqropark”ın açılışını birlikdə qeyd etdi. Orada da vurğulandığı kimi, bölgəyə birinci özəl sərmayə olan aqroparkın adı da özlüyündə hər şeyi deyir. Türkiyə şirkətləri bölgədəki inşaat işlərində fəal şəkildə iştirak edirlər. O cümlədən Zəngilan Beynəlxalq Hava Limanının inşasında da qardaş ölkənin şirkətləri yaxından iştirak edib.
“Şübhəsiz, bölgədə görülən işlər Azərbaycan dövlətinin qüdrətinin, Prezident İlham Əliyevin qətiyyətinin nəticəsidir. Bu isə həm də bir zamanlar Ermənistanın işğalı nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşən vətəndaşlarımızın geri dönüşünü sürətləndirəcək. Yəni, görülən işlər, atılan addımlar son nəticədə “Böyük Qayıdış” layihəsinin həyata keçirilməsidir”, - deyə Vüqar İskəndərov fikirlərini yekunlaşdırıb.