“WomenNOW Summit” Madridi Avropada “qadınların paytaxtı”na çevirəcək
Madrid, 27 mart, AZƏRTAC
Martın 28-də Madriddə “Santander” bankının iştirakı ilə “WomenNOW” sammiti başlayacaq.
AZƏRTAC xəbər verir ki, sammitin işində həm ispan, həm də xarici mütəxəssislər iştirak edəcəklər. Onlar dünyada qadınların vəziyyətini müzakirə edərək, müvafiq qərarlar qəbul edəcəklər. Tədbir Avropa Parlamenti, Avropa İnsan Haqları Komissiyası, Madrid meriyası, Qadınlar İnstitutu, Madrid Universitetinin UNESCO kafedrası kimi qurumların rəsmi dəstəyi və IKEA, “L'Oreal”, “Iberia” və s. kimi kommersiya nəhənglərinin iştirakı ilə “Editores-Vocento” nəşriyyatı tərəfindən təşkil olunub.
Sammit sürətlə dəyişməkdə olan cəmiyyətin çətinlikləri və çağırışları ilə hər gün üzləşən qadınların ruporuna çevriləcək. Tədbir üç məqsədi hədəf alıb: qadınlara qarşı ədalətsiz münasibətlə əlaqədar hadisələri bölüşmək və təhlil etmək, belə münasibəti dəstəkləyən mədəniyyətləri və ənənələri üzə çıxarmaq; dünyanı dəyişməyə qadir olan insanların cəmiyyətdə qadınların vəziyyətini dəyişdirə biləcək bütün təklif və təşəbbüslərini dinləmək və onları bir araya gətirmək; gender bərabərsizliyi problemlərinin həlli ilə əlaqədar yeni yollar müəyyən etmək.
Sammitin davam edəcəyi üç məzmunlu gün ərzində Kraliça Sofiya İncəsənət Mərkəzində 50-dən çox mütəxəssisin “WONInspiring”, “WONTalks” və “WONInnoSpace” seksiyalarında müasir dövrdə qadınların istər işdə, istərsə də şəxsi həyatda qarşılaşdıqları maneə və çətinliklərə, rəqəmsal dünyada gender bərabərliyinə həsr olunmuş məruzələri dinləniləcək.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid