WUF13 çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yüksəksəviyyəli dialoqda iştirak edib
Bakı, 20 may, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi BMT-nin Məskunlaşma Proqramı tərəfindən təşkil edilən “İqlim və Mənzil Əlaqəsi” mövzusunda yüksək səviyyəli dialoqda iştirak edib.
AZƏRTAC xəbər verir ki, müzakirələrdə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə, C40 Şəhərlər Şəbəkəsinin Regionlar və Merlərlə Əməkdaşlıq üzrə idarəedici direktoru Şruti Narayan, eləcə də Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin Dayanıqlı İnkişaf və İqlim üzrə baş direktoru Bircit Pikel çıxış ediblər.
Ağakərim Səmədzadə çıxışında Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur regionunda apardığı bərpa və yenidənqurma təcrübəsi, Nazirlik tərəfindən həyata keçirilən ekoloji layihələr, eləcə də Türkiyə ilə birgə Cəbrayıl rayonunda yaradılan Azərbaycan–Türkiyə Beynəlxalq Meşəçilik Təlim Mərkəzi barədə məlumat verib.
Tədbirdə gələcəyin şəhərlərinin formalaşdırılması üçün yaşıl və enerji səmərəliliyi ilə infrastrukturun inkişafı, ekoloji və sosial ehtiyaclara cavab verən şəhər planlamasında təbiət əsaslı həllərin tətbiqi, yerli idarəetmə qurumlarının, özəl sektorun və beynəlxalq təşkilatların rolu müzakirə olunub.
Panel müzakirələri BMT-nin Türkiyədəki Rezident Koordinatoru Babatunde Ahonsinin moderatorluğu ilə keçirilib.