WUF13-ün Azərbaycan pavilyonunda keçmişdən gələcəyə uzanan şəhərsalma konsepsiyası təqdim olunur - AÇIQLAMA VİDEO
Bakı, 18 may, AZƏRTAC
Azərbaycanın WUF13 çərçivəsində təqdim olunan milli pavilyonu Heydər Əliyev Mərkəzinin memarlığından ilhamlanaraq hazırlanıb. Pavilyonun giriş hissəsində yerləşdirilən çinar ağacı inkişafın, həyatın və Azərbaycanın rəmzlərindən biri kimi təqdim edilir.
Bu barədə AZƏRTAC-a açıqlaması zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin azad edilmiş ərazilərdə layihə idarəetməsi üzrə şöbə müdiri Ramil Cahangirov məlumat verib.
Onun sözlərinə görə, pavilyon struktur baxımından Azərbaycanın keçmişdən gələcəyə uzanan şəhərsalma, memarlıq irsi və inkişaf layihələrini əhatə edir. Burada İçərişəhər və digər orta əsr şəhərləri barədə məlumatlar təqdim olunur, həmçinin ölkənin milli parkları və təbii sərvətləri nümayiş etdirilir.
R.Cahangirov bildirib ki, Ümumdünya Şəhərsalma Forumunun əsas mövzularından biri olan mənzil siyasəti də ayrıca bölmədə əksini tapıb. Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri, Bakının Baş Planı və paytaxtın şəhərsalma tarixinin inkişaf mərhələləri pavilyonun əsas istiqamətlərindəndir.
“Burada Bakının hansı mərhələlərdən keçdiyi, şəhərin necə inkişaf etdiyi, mövcud çağırışlar və gələcək layihələr barədə məlumat verilir. Ziyarətçilər həm artıq reallaşdırılmış, həm də nəzərdə tutulan layihələri videolar və interaktiv stendlər vasitəsilə izləyə bilirlər”, – deyə şöbə müdiri vurğulayıb.
Pavilyonda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrə xüsusi yer ayrılıb. Bildirilib ki, artıq 43 yaşayış məntəqəsinə köç başlayıb və bölgəyə qayıdan, işləyən, təhsil alan insanların sayı 90 minə yaxınlaşır: “Bu layihələri böyük qürurla təqdim edirik. Şəhər və kəndlərdə geniş tikinti-quruculuq işləri davam edir. Burada layihələrin memarlıq yanaşmaları, əsas göstəriciləri və komponentləri barədə də ətraflı məlumat verilir”.
Pavilyonda Gəncə də daxil olmaqla digər Azərbaycan şəhərlərinin şəhərsalma layihələri də nümayiş olunur.
Bundan başqa, turizm sektoruna həsr olunmuş xüsusi zonada virtual reallıq texnologiyası vasitəsilə Azərbaycanın müxtəlif bölgələrinə virtual səyahət imkanı yaradılıb.
“Ümid edirik ki, bu virtual ziyarətlər gələcəkdə turistlərin real səfərlərinə çevriləcək”, – deyə o qeyd edib.
R.Cahangirovun sözlərinə görə, pavilyon çərçivəsində 20-dən çox tədbir və panel müzakirəsi keçiriləcək.