Xaçmazda polis əməkdaşları 50-yə yaxın şəhid ailəsini ziyarət ediblər
Xaçmaz, 20 mart, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların ailələrini ziyarət ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şöbə əməkdaşları Novruz bayramı ərəfəsində 50-yə yaxın şəhid ailəsində olub, şəhid valideynlərinə vətənpərvər övladlar böyütdüklərinə görə minnətdarlıqlarını bildiriblər. Şanlı Qələbəmizin igid oğullarımızın adı ilə bağlı olduğunu qeyd edən polis əməkdaşları ailələrin problemləri ilə maraqlanıb, bayram münasibətilə gətirdikləri sovqatları onlara təqdim ediblər.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.