Xaçmazda Qadın Resurs Mərkəzi açılacaq
Xaçmaz, 3 mart, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda bu il ərzində Qadın Resurs Mərkəzi fəaliyyətə başlayacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə martın 3-də Xaçmazda BMT-nin İnkişaf Proqramının “Məşğulluğa və Sahibkarlığa İqtisadi Dəstək” layihəsi çərçivəsində qadınların biznes fəaliyyətlərinin artırılmasına həsr olunan işgüzar görüşdə bildirilib.
Görüşdə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı Elnur Rzayev, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova iştirak ediblər.
Elnur Rzayev Xaçmaz rayonunun mövcud iqtisadi resurslarından səmərəli istifadə edərək, məşğulluğun təmin edilməsinin qarşıya qoyulan əsas məqsədlərdən olduğunu diqqətə çatdırıb. Bildirilib ki, bu istiqamətdə ölkəmizdə həyata keçirilən qadın siyasəti və qadın sahibkarlığının təşəkkül tapması görüləcək tədbirlərin əsas tərkib hissəsidir.
Alessandro Frakassetti gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılmasında sözügedən layihənin böyük əhəmiyyətə malik olduğunu bildirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Sədaqət Qəhrəmanova Xaçmazda fəaliyyətə başlayacaq Qadın Resurs Mərkəzinin müqayisəli və üstün cəhətləri barədə ətraflı məlumat verib.