Xaçmazlı və siyəzənli rəssamlar arasında onlayn rəsm müsabiqəsi elan olunub
Şabran, 9 aprel, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz və Siyəzən Heydər Əliyev mərkəzləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar “Ana Vətən Azərbaycan” adlı onlayn rəsm müsabiqəsi elan edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmazdan müsabiqəyə qatılmaq istəyən 8-18 yaş arası iştirakçılar iki əsərinin fotosunu mərkəzin email ünvanına ([email protected]) və facebook səhifəsinin mesaj bölməsinə göndərməlidirlər. Əl işlərinin fotoları aprelin 30-dək qəbul olunur. Müsabiqənin mövzusu, material və texnika seçimi sərbəstdir.
Müsabiqənin qalibləri “COVID-19” infeksiyası ilə bağlı tətbiq olunan sosial izolyasiya tədbirləri ilə əlaqədar Xaçmaz Heydər Əliyev Mərkəzinin facebook səhifəsində onlayn səsvermə əsasında müəyyən olunacaq. Mayın 5-də adları açıqlanaraq qaliblər xüsusi karantin müddəti bitdikdən sonra fəxri fərman və hədiyyələrlə təltif ediləcək.
Müsabiqəyə Siyəzən rayonundan qoşulanlar isə iki əsərinin fotosunu və rəsmi çəkərkən videogörüntünü mayın 1-dək Siyəzən Heydər Əliyev Mərkəzinin facebook səhifəsinin mesaj bölməsinə və ya email ünvanına ([email protected]) göndərməlidirlər. Müsabiqə iştirakçıları üçün yaş həddi yoxdur.
Siyəzəndə müsabiqənin nəticələri mayın 8-də açıqlanacaq, qalib iştirakçılar xüsusi karantin rejimi bitdikdən sonra Mərkəz tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunacaq.