Xalça Muzeyində 20 Yanvar faciəsi ilə əlaqədar tədbir keçirilib
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da Azərbaycan Xalça Muzeyində 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar “Unudulmayan tarix” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Xalça Muzeyinin direktor vəzifəsini müvəqqəti icra edən Mira Məmmədxanova, uşaq muzeyi şöbəsinin rəhbəri Azər Abdullayev və digərləri 20 Yanvar faciəsindən danışıb, o qanlı günlərin xalqımızın tarixinə yazılmış qəhrəmanlıq səhifəsi olduğunu bildiriblər.
Qeyd olunub ki, tədbirin təşkilində əsas məqsəd gənc nəslə qanları ilə müstəqilliyimizi əbədi olaraq şanlı tariximizə həkk edən şəhidləri unutmamağa və qəlblərdə yaşatmağa səsləməkdir.
Tədbirdə muzeyin uşaq teatrının üzvləri tamaşa kompozisiya göstərib, 162 nömrəli orta məktəbin şagirdləri bədii qiraət edib, Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında “Yanvarın 20-ci günü” adlı kompozisiya nümayiş olunub.
Sonda H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin şagirdlərinin çıxışları olub.
Tədbir çərçivəsində, həmçinin uşaq muzeyi şöbəsinin dərnək üzvlərinin əl işlərindən ibarət “Qanlı Yanvar” adlı rəsm sərgisinə baxış keçirilib.