Xalqımız ermənilərin törətdikləri faciələri heç zaman unutmayacaq
Tərtər, 31 mart, AZƏRTAC
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da ümumrayon anma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyi, ağsaqqallar, gənclər, ziyalılar, müharibə veteranları, əmək kollektivlərinin nümayəndələri “Şəhidlər” abidəsi önünə gül dəstələri düzərək, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin baçısı Müstəqim Məmmədov ermənilər tərəfindən Azərbaycan xalqına qarşı yüz illər boyu həyata keçirilən soyqırımı və deportasiya siyasətinin mahiyyəti, tarixi kökləri barədə danışıb. Bildirib ki, “yazıq millət” pərdəsi arxasında tarixi torpaqlarımızda “böyük Ermənistan” yaratmaq xülyasında olan ermənilər çirkin niyyətlərinin həyata keçməsi üçün ən qanlı hadisələrə, terrora, qırğınlara imza atıblar. Mərhələ-mərhələ həyata keçirilən bu siyasət nəticəsində azərbaycanlılar indi Erməınistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi şəkildə qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni viran edilib. 1905-1907, 1918-1920, 1948-1952 və 1988-1994-cü illərdə xalqımıza qarşı soyqrımı siyasəti aparılaraq kütləvi qətliamlar, görünməmiş vəhşiliklər törədilib.
Erməni quldur dəstələri 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkaranda 50 mindən çox azərbaycanlını qətlə yetirib, yüz minlərlə insanı torpaqlarından didərgin salıblar.
Ermənilərin azərbaycanlılara qarşı yönəldilmiş bu məkrli siyasəti sovet hakimiyyəti illərində də davam etdirilib, Zəngəzur və digər ərazilər Ermənistana verilib, 1948-52-ci illərdə azərbaycanlılar öz dədə-baba torpaqlarından deportasiya olunublar. Ötən əsrin sonlarında, 1988-ci ildən başlayaraq Dağlıq Qarabağda həyata keçirilən növbəti qətliamlar və işğal nəticəsində minlərlə azərbaycanlı öldürülüb, bir milyondan çox soydaşımız doğma torpaqlarından didərgin düşüb, ərazilərimizin 20 faizi işğal edilib.
Tədbirdə 1949-cu il deportasiyasının şahidi İman Almuradov, hazırda işğal altında olan Umudlu kənd sakini Zabil Zeynalov və başqaları çıxış edərək, ermənilər tərəfindən törədilən vəhşiliklərdən söz açıb, bu faciələrin heç vaxt unudulmayacağını bildiriblər.