Xalqımız Xocalı faciəsini unutmamalıdır
Bakı, 24 fevral, Pərvanə İmanova, AZƏRTAC
Fevralın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə şuranın sədri Famin Salmanov 1992-ci ilin fevralında Xocalıda baş vermiş dəhşətli hadisələrdən danışıb, bu faciəni bəşər tarixində insanlığa qarşı törədilmiş soyqırımı aktı olduğunu söyləyib. Bildirilib ki, Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib. F.Salmanov dünyanın müxtəlif ölkələrində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində görülən işləri yüksək dəyərləndirib.
Qeyd edilib ki, Xocalı soyqırımının, Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənc alimlər də fəallıq göstərməli, tədqiqat işlərinin bir hissəsini bu məsələlərə həsr etməlidirlər.
Sonra AMEA-nın İnsan Hüquqları İnstitutunun milli təhlükəsizlik və erməni araşdırmaları şöbəsinin böyük elmi işçisi Esmira Orucova, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun təbiət elmləri kafedrasının müdiri, dosent Yusif Alıyev və digər çıxış edənlər ermənilər tərəfindən xalqımızın başına gətirilmiş vəhşilikləri faktlarla diqqətə çatdırıb, bu faciənin Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurduğunu söyləyiblər. Müasir silahlarla silahlanmış erməni hərbçilərinin o müdhiş gecədə kimsəyə aman verməyərək yüzlərlə xocalılını qətlə yetirdiklərini və yaraladıqlarını, əsir götürdüklərini bildiriblər.
Tədbirdə Xocalı soyqırımı kimi cinayətlərin cəzasız qalmamasının zəruriliyi vurğulanıb.