SİYASƏT
XARİCİ İŞLƏR NAZİRLİYİ MƏTBUAT MƏRKƏZİNİN MƏLUMATI
Brüsseldə Avropa birliyi və Azərbaycan Respublikası arasında Parlamentlərarası Əməkdaşlıq Komitəsinin üçüncü iclası keçirilmişdir. İclasın sonunda “Yekun Qətnamə və Tövsiyələr” adlı sənəd qəbul olunmuşdur.
Sənədin Avropa birliyi ilə Azərbaycan Respublikası arasındakı əlaqələrə dair bölümündə qeyd edilmişdir ki, Avropa birliyi ilə Azərbaycan Respublikası arasında bütün sahələrdə əməkdaşlığın inkişafına yüksək dəyər verilir və Azərbaycan xalqının Avropa strukturlarına inteqrasiyası qarşılıqlı maraq əsasında inkişaf etdirilir.
Sənədin Dağlıq Qarabağ münaqişəsinə dair bölümünə gəldikdə isə qeyd edilmişdir ki, indiyə qədər həllini tapmamış Dağlıq Qarabağ münaqişəsi ümumilikdə regionun iqtisadi inkişafına və təhlükəsizliyin təmin olunmasına xidmət etmir. Sənəddə münaqişənin danışıq prosesi çərçivəsində nəticə verməməsi təəssüf hissi ilə qeyd edilmiş və bildirilmişdir ki, münaqişənin həlli yalnız sülh yolu, danışıqlar vasitəsi ilə əldə edilməlidir. İclas iştirakçıları əmin olduqlarını bildirmişlər ki, ATƏT-in Minsk qrupu öz səylərini artıraraq elə təkliflər hazırlamalıdır ki, münaqişənin həlli uzunmüddətli olmaqla yanaşı beynəlxalq hüququn prinsip və normalarına və dövlət sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır.
Sənədin siyasi islahatlar, demokratikləşmə və insan hüquqları bölümündə Azərbaycan Respublikasının Avropa Şurasına inteqrasiyası və bu təşkilat qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi alqışlanmış və Azərbaycan Respublikasının bu təşkilatla əlaqələrinin bundan sonra da Avropa Şurasının standartları əsasında davam etdirilməsinin vacibliyi qeyd edilmişdir.