XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ GÖRÜŞ
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, səmimi qəbula görə təşəkkür edən qonaq, Azərbaycanda olduğundan məmnun qaldığını söyləmişdir. O, xalqlarımız arasında dərin tarixi və mədəni əlaqələrin mövcud olduğunu, bu münasibətlərin hazırda müsbət istiqamətdə inkişaf etdiyini diqqətə çatdırmışdır.
Regiondakı dondurulmuş münaqişələrə toxunan nazir Elmar Məmmədyarov, bu münaqişələrin ölkələrimizin inkişafına və bölgədə beynəlxalq miqyaslı iqtisadi layihələrin həyata keçirilməsinə ciddi əngəl törətdiyini söyləmişdir. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesindən danışaraq vurğulamışdır ki, bu münaqişə yalnız beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın Konstitusiyası əsasında öz həllini tapmalıdır. Nazir E.Məmmədyarov qeyd etmişdir ki, işğal olunmuş ərazilərdən girov amili kimi istifadə etmək yolverilməzdir. Ermənistan işğal etdiyi ərazilərdən hərbi qüvvələrini qeyd-şərtsiz çıxarmalı, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtmalıdırlar.
Konstantin Kemulari Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesində Azərbaycan tərəfinin mövqeyini dəstəklədiyini söyləmişdir. O bildirmişdir ki, Ermənistan işğal altında saxladığı ərazilərdən silahlı qüvvələrini çıxarmadan Dağlıq Qarabağın statusu haqqında fikirlər irəli sürməsi beynəlxalq hüququn norma və prinsiplərinə qətiyyən uyğun gəlmir.
Daha sonra nazir Elmar Məmmədyarov Azərbaycan və Gürcüstanın beynəlxalq əhəmiyyətli layihələrdə birgə iştirakını yüksək qiymətləndirərək, ölkələrimizin ikitərəfli əlaqələrinin xalqlarımızın milli maraqlarına xidmət etdiyini vurğulamışdır.
Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafını sürətləndirəcək birgə biznes-forumun keçirilməsi təklifi irəli sürülmüş, tərəflər üçün maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılmışdır.