XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
Martın 5-də “Azadlıq”, “Zerkalo”, “Exo” qəzetlərində “Kaspian” xəbər agentliyinə istinadən “qazetasnq.ru” internet sayıtının yaydığı “Şok xəbər” - Türkiyənin Azərbaycana iki “qapalı nota” (?) verməsi günün ən mühüm yeniliyi kimi özünə yer almışdır. Bu notalar, guya Azərbaycanın Qəbələ RLS-ni Türkiyə ilə məsləhətləşmədən Rusiyaya uzunmüddətli icarəyə verməsi, habelə Avropa Parlamentinin Türkiyə ilə bağlı qətnaməsinə ölkəmizdə rəsmi mövqedən sərt reaksiya bildirilməməsi ilə əlaqədar təqdim olunmuşdur. Adı çəkilən mətbuat orqanlarının Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, yaxud Türkiyənin Bakıdakı səfirliyi ilə heç bir dəqiqləşdirmə aparmadan bu xəbəri dərhal öz səhifələrində dərc etmələri və üstəlik də buna əsaslanaraq guya Azərbaycan-Türkiyə münasibətlərinin pozulması barəsində “uzaqgörən” analitik qənaətlər çıxarmaları, ən azı təəccüb doğurur və onların “qaşınmayan yerdən qan çıxarmaq” niyyətlərindən xəbər verir.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Mərkəzi tam yəqinliklə bildirir ki, göstərilən məsələlərlə bağlı Türkiyə tərəfdən Azərbaycana heç bir nota daxil olmayıbdır.
Nazirliyin Mətbuat Mərkəzi təəssüf hissi ilə bildirir ki, müxtəlif informasiya agentlikləri tərəfindən yayılan belə qərəzli və qeyri-obyektiv məlumatlar birinci dəfə deyil ki, bizim hər sahədə problem axtarmağa aludə olmuş mətbuatın diqqətini çəkir və nəticə etibarı ilə onları yoxlanılmamış, yanlış, bir sıra hallarda isə qərəzli, təxribat xarakterli informasiyaların yayıcılarına çevirir.
Nazirliyin mətbuat mərkəzi hesab edir ki, həqiqətdən uzaq olan belə məlumatların yayılması, Azərbaycanla dost, qardaş Türkiyə dövləti arasındakı qarşılıqlı əlaqələrə ziyan vurulmasına iki dövlətin ictimaiyyəti arasında fikir çaşqınlığının yaradılmasına xidmət etməkdən başqa bir məqsəd güdmür.