XARİCİ ÖLKƏLƏRDƏ DİPLOMATİK XİDMƏTDƏ OLAN AZƏRBAYCAN VƏTƏNDAŞLARINA DÖVLƏT QAYĞISI ARTIRILACAQDIR
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov qanun layihəsi barədə deputatlara ətraflı məlumat verdi, bu sənədin əhəmiyyətini vurğuladı.
Deputatlar müzakirələrdə çıxış edərək qanun layihəsini Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində xidmət edən vətəndaşlarımıza dövlət qayğısının təzahürü kimi dəyərləndirdilər. Onlar bildirdilər ki, bu qanunun subyektləri, yəni xaricdə işləyən diplomatlarımızın və diplomatik nümayəndəliklərdə xidmət edən şəxslərin sayı çox deyildir. Hələlik bu qəbildən olan şəxslərin sayı 330 nəfərdir. Onları hər cür təsadüfi hadisələrdən qorumaq dövlətin səlahiyyətinə aid məsələdir. Müzakirələrdə deputatlar bildirdilər ki, bu qanun layihəsinin qəbul edilməsini ləngitmək olmaz. Qanun layihəsi birinci oxunuşda yekdilliklə qəbul edildi.
Sonra Milli Məclis “Minimum yaşayış səviyyəsi haqqında” qanunun layihəsini müzakirə etdi. Bu barədə də İqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov deputatlara məlumat verdi.
İclasda qeyd olundu ki, müzakirə edilən qanun layihəsi ilə bağlı məsələ Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Əhalinin yaşayış səviyyəsini yüksəltmək məqsədi ilə dövlətimizin başçısı son vaxtlar “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Fərman və “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı imzalamışdır. “Minimum yaşayış səviyyəsi haqqında” qanunun layihəsi məhz əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yönəldilmiş məlum fərmanların bir növ davamıdır.
Müzakirələrdə deputatlar çıxış edərək qanun layihəsinə öz münasibətlərini, irad və təkliflərini bildirdilər. Qanun layihəsinin müzakirəsini Milli Məclisin növbəti iclasında davam etdirmək qərara alındı.