XARİCİ ÖLKƏLƏRDƏ YAŞAYAN AZƏRBAYCANLILARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ DÖRDÜNCÜ İLDÖNÜMÜNÜ QEYD EDİR
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə əklil qoyulmuşdur.
Sonra Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov rəhbərlik etdiyi qurumun 4 illik fəaliyyəti ilə bağlı jurnalistlər üçün brifinq keçirmişdir.
Komitənin sədri demişdir ki, ümummilli liderimiz Heydər Əliyevin 4 il əvvəl qəbul etdiyi tarixi Fərman ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. Bundan sonra diaspor işi Azərbaycanda dövlət siyasəti səviyyəsinə qaldırılmış və bu iş artıq öz bəhrəsini verir. Azərbaycan diasporu sürətlə təşkilatlanır və mütəşəkkil qüvvəyə çevrilir. Xaricdəki soydaşlarımız bu gün Azərbaycan Prezidentinin ətrafında sıx birləşərək, ölkəmizin haqq səsini dünya ictimaiyyətinə çatdırmaq işinə böyük töhfələr verir. Bu işdə onlara Dövlət Komitəsi tam mənada yardımçı olmuşdur və köməyimiz bundan sonra da davam edəcəkdir. Azərbaycan Prezidenti də Dövlət Komitəsinə xüsusi diqqət və qayğı göstərir və biz buna görə dövlətimizin başçısına minnətdarıq.
Nazim İbrahimov bildirmişdir ki, bu il dünya azərbaycanlılarının II qurultayının, dünya azərbaycanlıları ziyalıları forumunun, dünya türk və Azərbaycan diaspor təşkilatlarının birgə toplantısının keçirilməsi, türk və Azərbaycan diaspor təşkilatlarının bir araya gəlməsi diaspor quruculuğu işimizin məntiqi nəticəsidir.
Amerika Azərbaycanlıları Assosiasiyaları Assambleyasının yaradılması ilə bağlı təşkilat komitəsi fəaliyyətdədir, Avropa Azərbaycanlıları Konqresinin oktyabrda keçiriləcək qurultayına ciddi hazırlıq görülür. Dünya azərbaycanlıları elm adamları forumunun, eləcə də dünyanın müxtəlif ölkələrində yazıb-yaradan azərbaycanlı jurnalistlərin toplantılarının keçirilməsi nəzərdə tutulmuşdur. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının, xarici ölkələrdəki səfirlik və nümayəndəliklərimizin köməyi ilə xaricdəki elm adamlarımızın, jurnalistlərimizin siyahısı hazırlanır. Bu işlərin baş tutması üçün Dövlət Komitəsi bütün imkanlarını səfərbər edəcəkdir. Ən başlıca məqsəd Azərbaycanın bütün dünyadakı diaspor təşkilatlarının vahid mərkəzdən idarə edilməsinə nail olmaqdır. Düşünürük ki, biz məqsədimizə çatacağıq.