XƏZƏR DƏNİZ NEFT DONANMASINDA EKOLOGİYA ÜZRƏ MÜSABİQƏLƏRİN QALİBLƏRİ MÜKAFATLANDIRILMIŞLAR
Bakı, 6 iyul (AZƏRTAC). 2010-cu ilin “Ekologiya ili” elan edilməsi ilə əlaqədar olaraq ölkəmizdə ətraf mühitin qorunması, ekoloji problemin həlli diqqət mərkəzindədir. Bununla bağlı “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müəssisələrində təbiəti mühafizə tədbirlərinin tətbiqi” üzrə müsabiqənin keçirilməsi ilə əlaqədar müvafiq qaydalar təsdiq olunmuş və şirkətin strukturlarına göndərilmişdir.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyulun 6-da Xəzər Dəniz Neft Donanmasının (XDND) müsabiqəyə təqdim etdiyi “Ekoloji nümunəvi gəmi” və “Ekoloji nümunəvi sahil obyekti” layihəsi üzrə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan XDND-nin rəisi Mübariz Mədətov ARDNŞ-in ekoloji sahədə həyata keçirdiyi bu tipli layihələrin əhəmiyyətindən danışmışdır. Sonra XDND-nin ekoloji fəaliyyəti haqqında təqdimat olmuşdur. Tədbir iştirakçılarına XDND-də keçirilən “Ekoloji nümunəvi gəmi” və “Ekoloji nümunəvi sahil obyekti” müsabiqəsi ilə əlaqədar geniş məlumat verilmişdir.
ARDNŞ-in ekologiya üzrə vitse-prezidenti Soltan Əliyev çıxış edərək tədbirin əhəmiyyətindən söz açmış və belə layihələrin təkcə “Ekologiya ili” çərçivəsində deyil, mütəmadi olaraq keçirilməsinin zəruriliyini vurğulamışdır. S.Əliyev XDND-də keçirilən ekoloji layihəni yüksək qiymətləndirmiş və bunun ARDNŞ-in digər müəssisələri üçün nümunə olacağına əmin olduğunu bildirmişdir.
Müsabiqədə “Ekoloji nümunəvi gəmi” nominasiyası üzrə birinci yeri “General Əsədov” və “Geofizik-1”, ikinci yeri “Abşeron Rayon Dəniz Neft Donanma İdarəsi”nin “PSK-51” gəmisi, üçüncü yeri isə “Cənub Rayon Neft Donanma İdarəsi”nin “MPK-452” gəmisi tutmuşdur. “Ekoloji nümunəvi sahil obyekti” nominasiyası üzrə birinci yeri “Gəmi təmiri zavodu”nun “Gövdə-qaynaq” sexi, ikinci yeri “İxtisaslaşdırılmış Dəniz Neft Donanma İdarəsi”nin “Gəmilərin xilasetmə vasitələrinin təmiri” sexi, üçüncü yeri isə “Cənub Rayon Dəniz Neft Donanma İdarəsi”nin “Şimal” körpüsü tutmuşdur.
Müsabiqənin qalibləri diplomlarla təltif olunmuş və hədiyyələrlə mükafatlandırılmışlar.