Xəzər Universitetində 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilmişdir
Bakı, 2 aprel (AZƏRTAC). Aprelin 2-də Azərbaycan Milli Qeyri- Hökumət Təşkilatları Forumunun (MQF) təşkilatçılığı ilə Xəzər Universitetində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə universitetin ictimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli, MQF-nin prezidenti Rauf Zeyni və başqaları Azərbaycan xalqına qarşı yüz illər boyu davam edən soyqırımı və təcavüz siyasətinin məqsədi, mahiyyəti və tarixi kökləri barədə ətraflı məlumat vermişlər.
Bildirmişlər ki, 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhərini və Bakı quberniyasının müxtəlif bölgələrini, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər əraziləri azərbaycanlılardan təmizləmək məqsədi ilə erməni daşnak silahlı dəstələri havadarlarının köməyi ilə mənfur planlarını həyata keçirmişlər. Soyqırımı nəticəsində 50 min azərbaycanlı qətlə yetirilmiş, 10 minlərlə insan tarixi torpaqlarından qovulmuşdur.
Estoniya-Azərbaycan Tarixi Əlaqələrinin Araşdırılması Mərkəzinin sədri, tədqiqatçı Cəfər Məmmədov tərcümə etdiyi “Xatirələr” kitabını təqdim etmiş, eyni zamanda, apardığı araşdırmalar zamanı əldə etdiyi maraqlı faktları diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, uzun müddət Estoniya arxivlərində araşdırma apararaq, 1914-1921-ci illərdə Bakıda yaşayan Henri Tomsonun “Xatirələr” kitabını tapmış, həmin kitabı rus və ingilis dillərinə tərcümə etmişdir.
Tədbirdə, həmçinin azərbaycanlıların deportasiyası və soyqırımına aid fotosərgi də nümayiş olunmuşdur.