ELM VƏ TƏHSİL
Xəzər Universitetində beynəlxalq layihə çərçivəsində növbəti vebinar
Bakı, 24 fevral, AZƏRTAC
Xəzər Universiteti İngiltərənin Middlesex Universiteti ilə birlikdə “British Council” təşkilatı tərəfindən maliyyələşən “Creative Spark” layihəsi çərçivəsində üçüncü vebinar təşkil edib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, “Sahibkarlıqda qadınlar - çətinliklər və imkanlar” adlı virtual seminarın növbəti qonağı İngiltərədə fəaliyyət göstərən “Diverse School Travel” şirkətinin təsisçisi və direktoru, eyni zamanda, “Educational Travel” şirkətinin mütəxəssisi Aygün Qardiner olub.
Tədbirdə Xəzər Universiteti İnkişaf Mərkəzinin direktoru Raziyə İsayeva “Creative Spark” layihəsi çərçivəsində keçirilən silsilə seminarların məqsəd və əhəmiyyətindən danışıb. Sonra Aygün Qardiner uğurlu sahibkar olmaq mövzusunda təqdimatla çıxış edərək təcrübəsini bölüşüb, ona ünvanlanan sualları cavablandırıb. Middlesex Universitetinin professoru Corc Dafoulos keçirilən seminarların faydasını vurğulayıb.
Seminarda Xəzər Universiteti ilə yanaşı, Middlesex Universitetinin, Gəncə, Sumqayıt Dövlət universitetlərinin tələbələri və nümayəndələri iştirak ediblər.