Xəzərdə qiymətli balıq növlərinin ehtiyatının hesablanması ilk dəfə Azərbaycan alimləri tərəfindən aparılıb
Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycanda Xəzər dənizinin bioresurslarının idarə edilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti, dəniz bioresurslarının sistemli tədqiqatları isə ETSN-in tabeliyində olan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu tərəfindən həyata keçirilir. Xəzər dənizində yaşayan vətəgə əhəmiyyətli qiymətli balıq növlərinin ehtiyatının mütləq sayının müəyyən edilməsi, müxtəlif yaş qruplarında təbii yolla məhv olma əmsallarının təyin edilməsi balıqçılıq tədqiqatları tarixində ilk dəfə olaraq bizim institut tərəfindən aparılıb. Uzunburun balığının timsalında nərəcinsli balıqların ehtiyatının hesablanması üzrə institut tərəfindən işlənib hazırlanan və bu gün də öz əhəmiyyətini itirməyən orijinal metod klassik tədqiqatlar nümunəsi kimi təkrar nəşr olunub və bütün Xəzəryanı dövlətlər tərəfindən istifadə olunur. Xəzər dənizinin unikal bioresurslarının qorunması üzrə müəyyən işlər həyata keçirilir və proses davam etdirilir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin su hövzələrində bioresursların artırılması sektorunun müdiri Fəridə Ələkbərova məlumat verib.
Sektor müdiri qeyd edib ki, departamentin fəaliyyətinin əsas istiqamətlərindən biri balıq ehtiyatlarının mühafizəsidir. Belə ki, qurum ov müddəti, ov alətləri, ov yerləri, ovlanan balıq növləri, balıq ovu kvotasına riayət üzrə və s. balıq ovuna nəzarət edir və onu tənzimləyir. Qaydalar üzrə həvəskar ovçuluqla məşğul olanlara adambaşına bir gündə 5 kiloqramdan artıq balıq ovlanmasına icazə verilmir. Qaydaların istənilən şəkildə pozulması balıq ovu qaydalarının pozulması hesab edilir və qanunla cəzalandırılır. Qaydalarına əsasən, balıq ovuna icazəsi olmayan (balıq ovu bileti olmayan) balıqçılar brakonyer hesab edilir. Brakonyerliklə mübarizə üzrə nazirliyin aidiyyəti təşkilatları, hüquq mühafizə orqanları, o cümlədən Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının iştirakı ilə birgə kompleks tədbirlər görür.