Xızıda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Xızı, 26 fevral (AZƏRTAC). Xızıdakı Heydər Əliyev Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır.
AZƏRTAC xəbər verir ki, anma mərasiminin rəsmi hissəsində çıxış edənlər, Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmış 1992-ci il fevralın 25-dən 26-na keçən gecə haqqında danışmışlar. Bildirilmişdir ki, həmin gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşmiş, komanda və şəxsi heyətinin əksəriyyəti ermənilərdən ibarət olan 366-cı motoatıcı alayının zirehli texnikası və hərbçilərinin köməyi ilə Xocalı şəhərini yerlə-yeksan etmişlər. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri bu növbəti kütləvi qırğın 613 nəfərin həyatına son qoymuş, 487 nəfər yaralanmış, 1275 dinc sakin əsir götürülmüş, 150 nəfərin taleyindən isə hələ də xəbər yoxdur.
Çıxışlarda faciənin heç vaxt unudulmayacağı qeyd edilmiş, insanlıq əleyhinə cinayət olan bu qətliamın günahkarlarının cəzasız qalmayacağına əminlik ifadə olunmuşdur.
Tədbirin bədii hissəsində Xocalı faciəsini əks etdirən kompozisiyalar və film nümayiş etdirilmiş, məktəblilər şerlər söyləmişlər.
Xocalı faciəsi ilə bağlı tədbirlər planına uyğun olaraq rayonun bütün mədəniyyət müəssisələrində və kitabxanalarda silsilə tədbirlər keçirilmişdir.