Xocalı cinayətini qınayan indoneziyalıların sayı artır
Bakı, 28 fevral (AZƏRTAC). Xocalı qətliamı Azərbaycanda günahsız müsəlmanlara qarşı ağır cinayət idi. Biz Xocalı faciəsi haqqında məlumatların dünyaya çatdırılması üçün əlimizdən gələni edirik. İndi daha çox indoneziyalı bu qətliamı pisləyir.
Bu sözləri “Xocalıya ədalət!” kampaniyasının milli əlaqələndiricisi İmas Fujati İndoneziyanın paytaxtı Cakartada Rotaract Klub Cakarta Cosmopolitan tərəfindən Xocalı qırğınının 22-ci ildönümünü ilə bağlı təşkil etdiyi anma mərasimində demişdir.
Həmin tədbirdə Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev çıxış edərək bu faciənin təkcə Azərbaycana deyil, bütün insanlığa qarşı törədilmiş bir cinayət olduğunu qeyd etmişdir.
O demişdir ki, son illər Xocalı soyqırımını pisləyən və Xocalıya ədalət tələb edən indoneziyalıların sayı artmaqdadır. Bu yaxınlarda ölkənin Nümayəndələr Palatasının son plenar sessiyasında çıxış edən deputat Marzuki Alie bu faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsinin vacibliyini bildirmişdir. Bundan başqa, ölkənin bir çox dini və siyasi liderləri, alimlər, ziyalılar və tələbələr bu yaxınlarda Xocalı qurbanlarına ədalət tələb olunan petisiyaya imza atmışlar.