Xocalı faciəsi erməni millətçilərinin xalqımıza qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətinin qanlı səhifəsidir
Bakı, 24 fevral, Məhərrəm Əlioğlu, AZƏRTAC
Xocalı faciəsi iki yüz ildən çox müddətdə davakar erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin qanlı səhifəsidir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər fevralın 24-də Azərbaycan Hərb Tarixi Muzeyində Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunan tədbirdə səsləndirilib.
Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə bildirib ki, Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmış Xocalı soyqırımının baş verməsindən 23 il ötür. Bu misli görünməmiş faciə yalnız Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa və bəşəriyyətə qarşı törədilmiş cinayətdir.
Tədbirdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin taktika silsiləsinin baş müəllimi, polkovnik-leytenant Vüqar Əliyevin “Xocalı əməliyyatı”, Azərbaycan Hərb Tarixi Muzeyinin ekspozisiya hissəsinin rəisi Şəlalə Hüseynovanın “Xocalının ağır nəticələri” mövzularında məruzələri dinlənilib.
Digər çıxış edənlər bildiriblər ki, fevralın 25-dən 26-na keçən gecə vəhşiləşmiş erməni hərbi birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alayının əsgər və zabitləri ilə birlikdə Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində yerləşən Xocalı şəhərini yerlə-yeksan edib, 613 dinc sakini qətlə yetirib. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparan ermənilər hətta günahsız insanlara-qadınlara, uşaqlara və yaşlılara belə aman verməyiblər.
Sonda Azərbaycan Hərb Tarixi Muzeyinin təşkilatçılığı ilə hazırlanmış “Xocalı soyqırımı” adlı sənədli film nümayiş olunub.
Tədbirdə Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, veteranlar təşkilatlarının, paytaxtdakı muzeylərin və digər əlaqədar təşkilatların nümayəndələri iştirak ediblər.