Xocalı faciəsi qurbanlarının xatirəsi İordaniyada da anılmışdır
Bakı, 26 fevral (AZƏRTAC). Azərbaycanın İordaniyadakı səfirliyində Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə Xocalı faciəsi zamanı qətlə yetirilmiş azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri açan səfir Sabir Ağabəyov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən danışmışdır. Diplomat erməni təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal edildiyini, bir milyona qədər insanın öz doğma yurdundan didərgin düşdüyünü iştirakçıların diqqətinə çatdırmışdır. O, Xocalıda dinc əhaliyə qarşı törədilmiş vəhşiliklərin, onların amansızcasına qətlə yetirilməsinin bütün bəşəriyyətə qarşı cinayət olduğunu xüsusilə vurğulamışdır.
Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini ikitərəfli və beynəlxalq təşkilatlar səviyyəsində dəstəklədiyinə görə Kral II Abdullaya və İordaniya xalqına Azərbaycan rəhbərliyinin təşəkkürünü çatdırmışdır.
Senator, eyni zamanda, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin idarə heyətinin sədri M.Humuda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışmış, ermənilərin təcavüzkar siyasətinin ölkəsinin ictimaiyyəti tərəfindən pisləndiyini və qınandığını qeyd etmiş, Xocalı faciəsinin bəşəriyyətə qarşı törədilmiş cinayət kimi qiymətləndirilmişdir.
İordaniyanın nüfuzlu yazıçı-publisisti və jurnalisti, teleaparıcı S.Hattab Azərbaycanın tarixindən, bugünkü inkişafından, yerləşdiyi regionda və dünyada tutduğu mövqedən, qlobal enerji təhlükəsizliyində oynadığı roldan, qonşuları ilə, habelə Şərq və Qərb ölkələri ilə münasibətlərindən danışmışdır. Natiq, həmçinin çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, ermənilərin ölkəmizə və xalqımıza qarşı əsrlər boyu davam edən ədavətindən və bunun nəticəsində törədilmiş cinayətlərdən, məhv edilmiş Xocalı şəhərinin əhalisinin qəddarlıqla qətlə yetirilməsindən danışmışdır. Azərbaycanın işğal edilmiş torpaqlarını hərbi yolla azad etməyə tam qadir olduğunu qeyd edən S.Hattab ölkəmizin bu münaqişənin sülh yolu ilə həll olunmasına üstünlük verdiyini xüsusilə vurğulamışdır.
Sonra 1982-1992-ci illərdə Azərbaycanda təhsil almış Filadelfiya Universitetinin professoru Amir Nizar çıxış edərək Ermənistanın ölkəmizə qarşı təcavüzünün nəticələrini öz gözü ilə gördüyünü diqqətə çatdırmış, bu barədə xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşdür.
Daha sonra İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin Qadınlar Komitəsinin sədri Zümrüd Dadaşova Xocalı həqiqətləri barədə ingilis dilində qısa məruzə etmişdir.
Çıxışlardan sonra Xocalı soyqırımı ilə bağlı ingilis dilində film nümayiş etdirilmişdir.
Tədbir çərçivəsində səfirliyin binasının əsas zalında sərgi təşkil edilmiş, həmçinin iştirakçılara müxtəlif foto və videomateriallar, kitab və digər çap materialları paylanmışdır.
Gecədə M.Humudla yanaşı, İordaniya Diplomatiya Akademiyasının rektoru, bu ölkənin nüfuzlu siyasi-ictimai xadimləri, işgüzar dairələrin nümayəndələri, ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, o cümlədən İraq, Pakistan, Mərakeş, Gürcüstan, Ukrayna, Qazaxıstan, Türkiyə, Əfqanıstan, Misirin səfirləri və Azərbaycan icmasının nümayəndələri iştirak etmişlər.