Xocalı faciəsinin acı nəticələrini heç vaxt unutmamalıyıq
Bakı, 24 fevral, Elvira Məmmədova, AZƏRTAC
Fevralın 24-də Bakı Avrasiya Universitetinin tələbə gənclər təşkilatı Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan anma tədbirini universitetin prorektoru, dosent Məsim Məmmədov açaraq XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı qətliamının başvermə səbəblərindən və acı nəticələrindən danışıb. Qeyd edilib ki, Xocalıda insanlar milli mənsubiyyətlərinə görə, azərbaycanlı olduqları üçün soyqırımına məruz qalıblar. Bu qanlı faciənin xalqımız tərəfindən daim yad olunduğunu qeyd edən prorektor soyqırımı qurbanlarının xatirəsinin həmişə qəlblərdə yaşayacağını söyləyib.
Prorektor vurğulayıb ki, yalnız xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilib. Məhz Ulu Öndərin səyi nəticəsində Milli Məclisin 1994-cü il fevralın 24-də keçirilmiş iclasında “Xocalı soyqırımı (genosidi) günü” haqqında qərar qəbul edilib.
Digər çıxış edənlər də şəhərin işğalı zamanı şahidi olduqları erməni vəhşiliklərindən, sakinlərin başına gətirilən müsibətlərdən ürək ağrısı ilə danışıblar. Bildirilib ki, bundan əvvəl də xalqımız dəfələrlə soyqırımına, təcavüzə məruz qalıb, lakin heç zaman əzmini, iradəsini itirməyib.
Tədbirdə tələbələrin “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hazırladıqları videoslayd və faciəni əks etdirən fotoşəkillər nümayiş olunub.