Xocalı faciəsinin ildönümü Ağcabədidə geniş qeyd olunmuşdur
Ağcabədi, 26 fevral (AZƏRTAC). Xocalı faciəsinin 21-ci ildönümü Ağcabədi rayonunda silsilə tədbirlərlə qeyd edilmişdir. İdarə və müəssisələrdə, Yeni Azərbaycan Partiyası rayon təşkilatında, təhsil ocaqlarında, əmək kollektivlərində yığıncaqlar keçirilmiş, sərgi və guşələr təşkil olunmuş, faciə qurbanlarının xatirəsi anılmışdır.
AZƏRTAC xəbər verir ki, soyqırımının ildönümü ilə bağlı Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialında keçirilmiş tədbirdə müəllim və tələbələr çıxış edərək qanlı faciə barədə danışmış, Xocalıda törədilənləri bəşəriyyətə qarşı ən amansız cinayət adlandırmışlar.
Fevralın 26-da Ağcabədi şəhərində ümumrayon tədbiri keçirilmişdir. Mərasim iştirakçıları əvvəlcə Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının məzarları üstünə tər çiçəklər düzərək xatirələrini ehtiramla yad etmiş, şəhidlərin ruhuna dualar oxumuşlar.
Rayon mədəniyyət evində davam etdirilən tədbirdə çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində erməni qəsbkarları tərəfindən dinc, günahsız insanlara qarşı irimiqyaslı hərbi təcavüz və ağır cinayət əməllərindən danışmış, Xocalı şəhidlərinə Allahdan rəhmət diləmişlər. Çıxışlarda işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə, bütün məcburi köçkünlərin, o cümlədən xocalıların doğma yurd-yuvalarına qayıdacaqlarına və cinayətkarların öz layiqli cəzasını alacaqları əminliklə vurğulanmışdır.
Tədbirdə rayon mədəniyyət və turizm şöbəsinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş edilmişdir.
Faciənin 21-ci ildönümü münasibətilə rayon icra hakimiyyəti tərəfindən Hüsülü, Şərəfxanlı kəndlərində və 556 mənzilli yeni qəsəbədə məskunlaşan Xocalıdan olan məcburi köçkünlərə ərzaq yardımı edilmişdir.