Xocalı qurbanları Antalyada da anılıb
İstanbul, 26 fevral, AZƏRTAC
Türkiyənin Antalya vilayətində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar “Xocalının fəryadı” mövzusunda tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Antalya-Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin, eləcə də Türk Ocaqlarının Antalya şöbəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə siyasi partiyaların, yerli və xarici QHT-lərin nümayəndələri, Akdeniz Universitetinin müəllim-tələbə heyəti, Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər xalqımızın, dünya azərbaycanlılarının və türk dünyasının bu faciəni unutmayacağını və unutdurmayacağını bildiriblər.
Qeyd edilib ki, bu qanlı hadisənin üzərindən 30 il keçməsinə baxmayaraq, dünya birliyi səviyyəsində Xocalı soyqırımına hüquqi-siyasi qiymət hələ də verilməyib. Bəşəri cinayət törədən erməni vəhşilərinin cinayət məsuliyyətinə cəlb olunmaması qəbuledilməz haldır.
Sonra Xocalı soyqırımından bəhs edən sənədli film, videomateriallar, kompozisiyalar iştirakçılara təqdim olunub.
Tədbir çərçivəsində Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotosərgi təşkil edilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul